Tarixi abidələr




 Bayıl Qalası
Bakının Bayıl qəsəbəsi yaxınlığına yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla (“Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır.
Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.
Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 - ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306 – cı ildə baş vrən güclü zəlzələ nəticəsində dənizə batmışdır.

Qız qalasıBakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.
Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.
Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.

Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.
2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.

AtəşgahOd məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.
Suraxanı "Atəşgah"ı məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarət idi. Atəşgahı bu abidəni sifariş vermiş hindlilərin planı üzrə yerli ustalar tikmişlər.
Ümumiyyətlə, Atəşgah plan quruluşuna görə şəhər karvansaraylarına oxşayır. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin o, özündə bəzi hind məbədlərinin əlamətlərini saxlayıb.

Hiç yorum yok:

Yorum Gönder